Azərbaycan Din Xadimlərinin II Forumu işini paralel panel müzakirələrlə davam etdirir
“Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu işini paralel panel müzakirələrlə davam etdirir. Forumun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə keçirilən “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri” mövzusunda I panelinin moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov olub. Bu paneldə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov multikulturalizm və tolerantlıq dəyərlərinin Azərbaycan xalqının milli kimliyinin əsas sütunlarından biri olduğunu qeyd edib. F.Cəfərov Konstitusiyada vicdan azadlığının təsbit olunmasının dövlətin dinlərə bərabər və ədalətli münasibətinin hüquqi əsasını təşkil etdiyini deyib. Bildirib ki, bu yanaşma digər normativ hüquqi aktlarda da öz əksini taparaq dini etiqad azadlığının praktik təminatını gücləndirir. Dini abidələrin mühafizəsi və bərpası dövlətin mədəni irsə və tarixi yaddaşa verdiyi dəyərin bariz nümunələrindəndir. Qeyri-maddi irsin yaşadılması isə dinin mədəniyyətə təsirinin davamlılığını təmin edir. Bu dəyərlər qlobal mədəniyyətlərarası dialoqun inkişafında ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədrinin birinci müavini Davronbek Maksudov “Din və sekulyarlıq: məfhum və mahiyyət” mövzusunda çıxış edib. Billdirib ki, sekulyarlıq dini təşkilatları siyasətdən ayırır və fərdin vicdan azadlığını təmin edir, din isə fərdin daxili inancıdır və zorla tətbiq edilə bilməz. Məruzəçi vurğulayıb ki, müasir Özbəkistanda sekulyarlıq vicdan azadlığı, dinlərin qanun qarşısında bərabərliyi və dinin siyasətdən ayrılması prinsipləri əsasında qurulub. Dövlət dini institutların fəaliyyətini dəstəkləyir və milli dəyərlərin qorunmasında, ruhən və əxlaqi cəhətdən sağlam nəsil yetişdirmədə onların rolunu tanıyır. Özbəkistan və Azərbaycan təcrübəsi göstərir ki, sekulyarlıq və din bir-birini tamamlayan prinsiplər kimi cəmiyyətin inkişafı və hüquqların qorunmasında əhəmiyyətlidir. Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışında vurğulayıb ki, Azərbaycanda tolerantlıq sadəcə rəsmi anlayış deyil, insanların gündəlik həyatında özünü göstərən bir dəyərdir. O qeyd edib ki, fərqli dinlərə, millətlərə və mədəniyyətlərə mənsub insanlar bu torpaqlarda əsrlər boyu bir-birinə hörmət edərək, mehriban qonşuluq münasibətləri quraraq yaşayıblar. Bayramların, sevinclərin və çətin günlərin bölüşülməsi birgəyaşayış mədəniyyətinin nə qədər dərin köklərə sahib olduğunu göstərir. Milix Yevdayev bildirib ki, bu səmimi münasibətlər cəmiyyətdə qarşılıqlı anlayışı, etimadı və daxili birliyi gücləndirir. Azərbaycanın gücünü məhz bu müxtəliflikdə olan vəhdət təşkil edir. “Multikulturalizm: müasir dəyər, qədim irs kimi” adlı təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Xəzər rayonu, Qala qəsəbəsi “Süleyman” məscidinin imamı, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli multikuluturalizmin mənasını, mahiyyətini ətraflı şəkildə izah edib. Natiq müasir dünyada multikulturalizm siyasətinin həyata keçirilməsinin bütün din mənsubları, o cümlədən, müsəlmanlar üçün müsbət hadisə olduğunu vurğulayıb. Bu siyasət nəticəsində dindar insanlar dinlərinə və mədəniyyətlərinə uyğun həyat tərzi yaşamaq, kimliklərini qorumaq, öz düşüncələrini başqalarına bərabər şərtlərdə təqdim etmək fürsəti qazanıblar. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusundakı II panel müzakirə isə Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə baş tutub. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında rəqəmsal mühitin dini maarifçilik sahəsində yaratdığı imkanlar və çağırışlar barədə danışıb. O bildirib ki, texnologiyanın inkişafı təkcə din sahəsinə deyil, cəmiyyətin bütün sahələrinə müəyyən dərəcədə təsir göstərir. Əvvəllər insanlar informasiyanı televiziya və mətbuat vasitəsilə alırdı. Hazırda isə hamının internetə çıxışı var, Azərbaycanda bütün məktəblərdə internetə çıxış təmin edilib. Bu isə din haqqında məlumatların əldə edilməsini asanlaşdırıb. Belə bir şəraitdə uşaqları onların inkişafına mənfi təsir göstərən informasiyalardan qorumaq çox vacibdir. Firudin Qurbanov vurğulayıb ki, orta və ali məktəblərdə dinlə əlaqədar lazımi məlumatlar şagirdlərə, tələbələrə çatdırılır. Nazir müavininin sözlərinə görə, cəmiyyətdə hər bir inanc azad, insanların dinlərini dəyişmək hüquqları sərbəst olmalıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcud olsa da, vahid və etibarlı bir məlumat bazasının yaradılmasına ciddi ehtiyac var. Qeyd edib ki, cəmiyyətə təqdim etmək istədiyimiz dəyərlər sistemli, ardıcıl və peşəkar şəkildə çatdırılmalıdır. Bu dəyərlərin təqdimat formaları da dövrün tələblərinə uyğun və geniş auditoriya üçün əlçatan olmalıdır. Əsas məsələ alternativ, sağlam və cəlbedici məzmunun yaradılmasıdır. Onun sözlərinə görə, elə bir informasiya və proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçsin, ona maraq göstərsin və etibar etsin. İnformasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Buna görə də bizim yanaşmamız qadağalar üzərində deyil, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya üzərində qurulmalıdır. Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete “Təhsil və maarif sahələrində süni intellektin istifadəsinin mənəvi aspektləri – Katolik Kilsəsinin baxışı” mövzusunda çıxış edib. O qeyd edib ki, Katolik Kilsəsi bu sahədəki texnoloji tərəqqini xristian antropologiyası, insan ləyaqəti və mənəvi məsuliyyət prizmasından dəyərləndirir. V. Fekete Kilsənin süni intellekti təhlükə kimi deyil, əxlaqi rəhbərliyə ehtiyac duyan bir vasitə kimi gördüyünü vurğulayıb. Təhsil və maarif sahəsində süni intellect yalnız vasitə olaraq qalarsa, məqsəd halına gəlməzsə və mərkəzdə həmişə Tanrı tərəfindən yaradılmış, həqiqətə, azadlığa və sevgiyə çağırılmış insan şəxsiyyəti dayanarsa, insanın inkişafına xidmət edə biləcəyini bildirib. Sabirabad şəhəri “Heydər” məscidinin imam müavini Yusif Bağırov “Rəqəmsal əsrdə mənəviyyat: çağırışlar və milli strategiyamız” mövzusunda çıxış edib. Rəqəmsal mühitin sürətli inkişafının cəmiyyət üçün böyük imkanlarla bərabər, həm də ciddi təhdidlər yaratdığını diqqətə çatdırıb. Natiq vurğulayıb ki, saxta informasiya axını, yanlış yönləndirmələr və dəyərlərin aşınması baxımından milli-mənəvi irsə əsaslanan maarifçilik və gənclərlə məqsədyönlü işin aparılması vacibdir.