Azərbaycan nümayəndə heyəti İğdır və Qarsda din xadimləri ilə görüşlər keçirib
Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti İğdır və Qars şəhərlərində Əhli Beyt Alimləri dərnəklərinin üzvləri ilə görüşüblər.
Din xadimləri ilə görüşlərdə iki qardaş ölkə arasında münasibətlərin dövlət başçıları tərəfindən yüksək səviyyəyə çatdırılmasının, keyfiyyətcə yeni müstəviyə keçməsinin önəmi vurğulanıb.
Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğu, dini etiqad azadlığının təmin edildiyi və bütün dini icmalara bərabər şərait yaradıldığı diqqətə çatdırılıb. Tolerantlıq və multikulturalizm dəyərlərinin Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindən biri olduğu qeyd edilib. Xalqımızın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunmasının, habelə dini ibadət yerlərinin bərpasının daim diqqətdə saxlanıldığı bildirilib.
Əhli Beyt Alimləri dərnəklərinin üzvləri isə Azərbaycan nümayəndə heyətinin səfərini yüksək qiymətləndirərək bu cür görüşlərin dini həmrəyliyin möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın daha da dərinləşməsinə töhfə verdiyini bildiriblər. Dini sahədə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıblar.