Azərbaycan nümayəndə heyəti İğdırda yerləşən məscidləri ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində İğdırda yerləşən "Hacı Yusif Həcər" və "Ulu" məscidlərini ziyarət edib. Nümayəndə heyətinə məscidlər barədə məlumat verilib. Bildirilib ki, İğdırda müxtəlif etnik qrupların məskunlaşması şəhərin mədəni irsinin zənginləşməsinə səbəb olub və bu fakt xüsusilə tarixi məscidlərdə özünü göstərir. İğdırdakı tarixi məscidlər böyük memarlıq əhəmiyyətinə malikdir. Tarixi məscidlər təkcə dini tikili kimi deyil, həm də ictimai həyatı istiqamətləndirən elementlər kimi fəaliyyət göstərir. Bölgədəki ən məşhur nümunələrdən biri də Ulu məscididir. Ziyarətlər zamanı dövlət tərəfindən Azərbaycanda dini ibadətgahlara göstərilən xüsusi diqqət və ehtiramdan bəhs edilib. Ortaq mədəni irsimizin, dəyərlərimizin təbliği və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinə toxunulub. Nümayəndə heyəti tərəfindən məscidlərə Qurani Kərim və digər dini ədəbiyyatlar hədiyyə edilib.