Azərbaycan nümayəndə heyəti Qarsda görüşlər keçirib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Dekabrın 26-da nümayəndə heyəti Qarsın vali müavini Hayrettin Buğra Güzel, bələdiyyə sədri Ötüken Senger və müftisi Yavuz Yıldızla görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri, iki ölkə arasında dövlət-din münasibətləri sahəsində əməkdaşlıq, dini-mənəvi dəyərlərin qorunması və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsrlər boyu formalaşmış zəngin tarixi, dini və mədəni irsə söykənir. Bu dəyərlər cəmiyyətimizdə həmrəyliyin, qarşılıqlı hörmətin və mənəvi bütövlüyün əsas dayağı kimi çıxış edir. Azərbaycan dövləti dini etiqad azadlığını təmin etməklə yanaşı, bu dəyərlərin möhkəmləndirilməsini, sağlam dini düşüncənin təşviqini və cəmiyyətin mənəvi təhlükəsizliyini prioritet istiqamət kimi müəyyənləşdirir.
Görüşlərdə xüsusi olaraq vurğulanıb ki, xalqlarımızı birləşdirən ortaq milli-mənəvi köklər, dini dəyərlər və tarixi yaddaş iki qardaş ölkə arasında münasibətlərin əsasını təşkil edir. Bu ortaq irs dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin, ailə, cəmiyyət və dini institutların bu prosesdə rolunun artırılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, bu istiqamətlərdə qarşılıqlı əməkdaşlıq regionda ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir.