Şəkidə “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib
Noyabrın 19-20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə Şəkidə din xadimləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib. Bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan MDTF-nin icraçı direktoru Vüsal Göyüşov bildirib ki, seminar-treninqin keçirilməsində məqsəd çağdaş dövrdə din xadiminin rolunu, dini fəaliyyətin mahiyyətini və cəmiyyətimiz üçün daşıdığı əhəmiyyəti birgə müzakirə etməkdir. V.Göyüşov diqqətə çatdırıb ki, dini fəaliyyətin peşəkar səviyyədə qurulması, onun düzgün istiqamətə yönləndirilməsi, həm dini icmaların, həm də bütövlükdə cəmiyyətin mənəvi inkişafı üçün böyük önəm daşıyır. Natiq qeyd edib ki, xalqın etimadını qazanmaq, cəmiyyətdə hörmət sahibi olmaq üçün din xadiminin həm bilik, həm davranış, həm də ünsiyyət baxımından nümunəvi olması son dərəcə vacibdir. Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “İslamda məzhəb anlayışı və məzhəbçiliklə mübarizə” mövzusunda çıxış edərək deyib ki, məzhəb müxtəlifliyi qarşıdurma deyil, əməkdaşlıq və həmrəylik üçün imkan kimi qəbul edilməlidir. E. Məmmədov məzhəblərin Quran və hədislərin şərhində müxtəlif yanaşmaları ifadə etdiyini, dini düşüncə sistemlərinin formalaşmasında mühüm rol oynadığını bildirib. Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kövsər Tağıyev “Müasir gənclik və İslam: din xadimləri nə etməlidir?” mövzusuna toxunub. O vurğulayıb ki, müasir gənclik və İslam münasibətlərinin sağlam şəkildə inkişaf etməsi üçün din xadimləri elmi, psixoloji və kommunikativ bacarıqlarını gücləndirməli, dini təbliğatı müasir dünyanın çağırışlarına uyğunlaşdırmalı və gənclərlə dialoq mədəniyyəti əsasında işləməlidirlər. Bu, həm dini kimliyin möhkəmlənməsinə, həm də gənclərin mənəvi rifahına mühüm töhfə verə bilər. K. Tağıyev onu da diqqətə çatdırıb ki, din xadimləri sosial şəbəkələrdə aktiv olmalı, etik, aydın və akademik cəhətdən əsaslandırılmış dini bilik təqdim etməlidirlər. Bu fəaliyyət informasiyanın keyfiyyətini artırmaqla yanaşı, din xadimlərini gəncliyə daha əlçatan edir. Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi, “İlahiyyat” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Zərərli dini cərəyanlara qarşı mübarizə üsulları” mövzusunu şərh edərək bildirdi ki, zərərli dini cərəyanlar dini mətnləri radikal şəkildə təfsir edərək ənənəvi İslam təlimlərinə və milli-mədəni irsə zidd mövqelər sərgiləyir. V. Səmədov vurğulayıb ki, din xadimləri İslamın birləşdirici mahiyyətini cəmiyyətə çatdırmalıdırlar. Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə “Sosial media və din xadimləri: işi necə qurmalı?” mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, cəmiyyətin müxtəlif sahələrində-məktəblərdə, universitetlərdə, media platformalarında və ictimai diskussiyalarda dini biliklər aydın, elmi əsaslara uyğun şəkildə təqdim edilməlidir. Bu, həm dini savadlılığın artmasına, həm də yanlış təsəvvürlərin aradan qaldırılmasına kömək edir. F. Əhmədzadənin sözlərinə görə, din barədə açıq dialoq, müxtəlif baxışların hörmətlə dinlənməsi və müasir problemlərlə əlaqələndirilmiş izahlar insanların ənənəvi dəyərlərlə çağdaş həyat arasında sağlam balans qurmasına şərait yaradır. O vurğulayıb ki, bu yanaşma gənclərin dini mövzuları daha yaxşı anlamasına, suallarına düzgün cavab tapmasına və cəmiyyətdə tolerantlığın güclənməsinə də mühüm təsir göstərir. Seminar-treninqin sonunda iştirakçıların suallar cavablandırılıb, din xadimlərinin cəmiyyətdəki rolu və məsuliyyəti müzakirə olunub. Vurğulanıb ki, müasir dövrdə dini maarifləndirmə yalnız ənənəvi biliklərlə məhdudlaşmır, həm də sosial şəbəkələr, informasiya axınları və qlobal proseslər fonunda yüksək peşəkarlıq tələb edir. Bu cür seminar-treninqlər dini fəaliyyətin səmərəliliyini artırmaq, ictimai təhlükəsizliyə töhfə vermək üçün yeni yanaşmaları öyrənmək imkanı yaradır.