“Xurşidbanu Natəvan” təqaüd proqramı üzrə müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün təsis edilən “Xurşidbanu Natəvan” təqaüd proqramı üzrə müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Aİİ rektoru, dosent Aqil Şirinov çıxış edərək “Xurşidbanu Natəvan” təqaüd proqramı haqqında məlumat verib. A.Şirinov Xurşidbanu Natəvanın Azərbaycan tarixindəki rolundan bəhs edib, nümunəvi insan və ziyalı kimi ölkəmiz üçün böyük şəxsiyyət olduğunu bildirib. Rektor qeyd edib ki, Fond tərəfindən ali təhsil müəssisəsində tələbələrin akademik inkişafına, eləcə də şəxsi motivasiyasına əhəmiyyətli təsir göstərən müxtəlif adlı təqaüd proqramları həyata keçirilir. A.Şirinov tanınmış şəxsiyyətin adını daşıyan “Xurşidbanu Natəvan” təqaüdünün tələbələrdə milli-mədəni irsə bağlılıq hissinin gücləndirilməsi istiqamətində aparılan maarifləndirilmə prosesində mühüm rol oynacağına ümidvar olduğunu deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünün tamam olduğunu xatırladaraq, hər bir vətəndaşın Azərbaycanın milli kimliyini qoruyub gələcək nəsillərə çatdırmağa məsuliyyət daşıdığını vurğulayıb. R.Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi xilas etməklə Azərbaycanı real təhlükələrdən qorudu, eyni zamanda gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tamamilə işğaldan azad edilməsi milli kimliyimizi nümayiş etdirən mühüm tarixi hadisədir. İxtisasından, təhsilindən, peşəsindən asılı olmayaraq, dövlətimizin güclənməsinə çalışmaq hər bir vətəndaşın ümdə vəzifəsidir. Komitə sədri deyib ki, təqaüd proqramlarına Azərbaycanın görkəmli ilahiyyatçılarının və mütəfəkkirlərinin adlarının verilməsi təsadüfi deyil, bu şəxsiyyətlər dini-mədəni kimliyimizin formalaşmasında müstəsna rol oynayıblar. O, təqaüdə layiq görülən gəncləri təbrik edərək, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov bildirib ki, Fond tərəfindən İlahiyyat İnstitutunda dörd xüsusi təqaüd proqramı (Seyid Yəhya Bakuvi, Şeyxülislam Məhəmməd İrəvani, Həmzə Nigari və Xurşidbanu Natəvan) təsis olunub. Bu təşəbbüs yalnız təqaüd proqramları deyil, həm də ilahiyyatçı gənclərin inkişafına, onların ictimai fəallığının artmasına, mənəvi dəyərlərimizin daha dərindən mənimsənilməsinə xidmət edən layihələrdir. V.Göyüşov qeyd edib ki, cəmiyyətimiz mənəvi və sosial baxımdan gücləndikcə, qadınların da bu inkişafda aparıcı mövqedə olması tamamilə təbiidir. O bildirib ki, bu gənclər maarifçilik xəttini daha geniş şəkildə davam etdirə bilərlər. Qeyd edək ki, müsabiqəyə əvvəlcədən elan olunmuş “Milli-mənəvi dəyərlər”, “Vətənpərvərlik”, “Erkən nikah”, “Təhsildənyayınma”, “Ailədə zorakılıq”, “Zərərli vərdişlər” və “Ekoloji məsuliyyət” mövzularına uyğun olaraq, Aİİ və Bakı İlahiyyat Kollecində təhsil alan hər birində 3 xanım tələbə olmaqla, 15 komanda qoşulub. Komandaların təqdim etdiyi materiallar 1-10 ballıq sistemlə qiymətləndirilib və qaliblər müəyyən olunublar.