Abşeron rayonunda “Azərbaycançılıq: milli ideologiyamızın zirvəsi” mövzusunda konfrans keçirilib
Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Abşeron rayonunda “Azərbaycançılıq: Milli ideologiyamızın zirvəsi” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev çıxışında Azərbaycançılıq ideologiyasının xalqımızın tarixi, mədəniyyəti və dövlətçiliyindəki mühüm roluna toxunub. O, bu ideologiyanın xalqın birliyini gücləndirən və gələcək nəsillərə vətənpərvərlik ruhu aşılamağa xidmət etdiyini vurğulayıb. Yalçın Abdullayev Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın ölkəmizin müstəqilliyinin bərpası və dünya səhnəsindəki mövqeyinin möhkəmləndirilməsindəki əhəmiyyətini qeyd edib.
Abşeron Rayonu İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov isə Azərbaycançılıq ideologiyasının ölkəmizin sosial-siyasi inkişafında və vətənpərvərliyin möhkəmləndirilməsindəki rolundan danışıb. O qeyd edib ki, bu ideologiya xalqın özünə inamını və vətənə olan bağlılığını gücləndirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdiri Cahandar Əlifzadə Azərbaycançılıq ideologiyasının ölkəmizin müstəqilliyi, milli birliyi və həmrəyliyi üçün vacib olduğunu qeyd edib. O, bu ideologiyanın həmçinin, Azərbaycanı sevən və qoruyan hər kəsin mənəvi şifrəsi olduğunu və Azərbaycançılığın xalqımızın milli şüurunu gücləndirən, birliyi təmin edən və dövlətçiliyimizin əsasını təşkil edən ideologiya olduğunu vurğulayıb.
QMİ bölgə qazısı Rauf Sərdarov Azərbaycançılıq ideologiyasının xalqın torpağa bağlılığını gücləndirdiyini vurğulayıb. O, Vətən müharibəsi zamanı qazandığımız qələbənin Azərbaycançılıq ideyasının real təcəssümü olduğunu bildirib.
Abşeron rayon Ağsaqallar Şurasının sədri Məhərrəm İbadov Azərbaycançılığın tarixi köklərinə nəzər salaraq, bu ideologiyanın millətin gələcəyini təmin edən ən mühüm prinsiplərdən biri olduğunu vurğulayıb.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova Azərbaycançılıq ideologiyasının cəmiyyətdəki roluna diqqət çəkib.
Birinci Qarabağ müharibəsi qazisi Teymur Balakişiyev və Vətən müharibəsi qazisi Həsən Yaqubov çıxışlarında Azərbaycançılıq ideyasının torpaqlarımızın azad edilməsi yolundakı əhəmiyyətini və bu ideologiyanın qazilərə, şəhidlərə ilham verdiyini qeyd ediblər.
Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanımız Vüqar Ağayevin anası Xanım Ağayeva, Vətən müharibəsi şəhidi Cavid Bayramovun anası Ceyran Bayramova, antiterror tədbirlərində şəhid olmuş mayor Cavid Mirzəyevin anası Arzu Mirzəyeva öz oğullarının şəhidliklərini və onların göstərdiyi qəhrəmanlığı Azərbaycançılıq ideyasının ən yüksək təcəssümü kimi təqdim ediblər. Vətəni və Azərbaycanın milli ideologiyasını qorumaq uğrunda mübarizənin zirvəsi kimi qiymətləndiriblər.
Konfransın sonunda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.