Ağdaşda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda konfrans keçirilib
Dekabrın 8-də Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Komitəsinin Yevlax regional bölməsinin müdiri Natiq Əfəndiyev çıxışında bildirib ki, dini təhlükəzsizlik milli təhlükəsizliyin ən mühüm istiqamətlərindən biridir. Milli təhlükəsizlik təmin olunmadan nə ictimai-siyasi sabitlikdən, nə də hüquq və azadlıqların gerçək məzmunda həyata keçməsindən bəhs edilə bilər. Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümmətov vurğulayıb ki, milli birlik ideyası həm də güclü cəmiyyət və dövlət olmağın əsas şərtidir. Buna görə də milli birliyə və dini təhlükəsizliyə yönəlmiş hər cür mənfi fikirlərin, o cümlədən məzhəbçiliyin yayılmasının qarşısı alınmalıdır. V. Hümbətov diqqətə çatdırıb ki, belə zərərli ideyaların yayılmasında söz və vicdan azadlığından sui-istifadə isə yolverilməzdir. Söz və vicdan azadlığı əslində cəmiyyətin inkişafı üçün faydalı ideyaların irəli sürülməsidir. Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev qeyd edib ki, bu gün dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşıb. Bu baxımdan, Azərbaycanda dini təhlükəsizlik məsələləri əsrlər boyu formalaşmış xalqlar və ənənəvi məzhəblərarası harmoniya mühitinin qorunmasına yönəlmiş hüquqi fəaliyyətlə əhatələnir. Ağdaş Rayon Təhsil sektorunun müdir müavini Xəyal Kərimov, Rayon Gənclər və İdman sektorunun müdiri Samir İsrəfilov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kənan Nəbiyev, Ağdaş şəhər "Hacı Məhəmməd ağa" məscidinin imamı Müşviq Zəkəryəyev, Ağdaş Dövlət Humanitar Kollecinin direktor müavini Elza İskəndərova, eləcə də təhsil işçisi Şölə Fərmanlı çıxışlarında xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edərək, bu dəyərlərin qorunması və geniş təbliğ edilməsinin yad təsirlərə qarşı mübarizədə əhəmiyyətli olduğunu bildiriblər. Tədbirdə dövlət qurumlarının məsul əməkdaşları, din xadimləri, dini icma sədrləri, təhsil işçiləri və gənclər iştirak ediblər.