Gəncədə “Zəfər Günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib
Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Zəfər Günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov çıxış edərək Zəfər Gününün xalqımızın birlik və həmrəyliyinin bariz nümunəsi olduğunu vurğulayıb. O, bu günün milli həmrəyliyi, dini dözümlülüyü və vətənpərvərlik ruhunu bir daha təcəssüm etdirdiyini qeyd edib. H. Məmmədov bildirib ki, 8 Noyabr xalqımızın əzmini, dövlətə və orduya olan inamını nümayiş etdirən tarixi gündür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin Analitik təhlil və proqnozlaşdırma sektorunun böyük məsləhətçisi Azad Nəhmədov çıxışında vurğulayıb ki, Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsində ən parlaq səhifələrdən biridir. O bildirib ki, bu qələbə Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və şəhidlərimizin fədakarlığının nəticəsidir. Zəfər Günü xalqımızın milli ruhunu, vətən sevgisini və sarsılmaz iradəsini əks etdirən tarixi gündür. Natiq həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın bir amal uğrunda necə birləşdiyini bir daha sübut etdi. Zəfər Günü həm də Azərbaycan xalqının tarixi ədaləti bərpa etdiyi qürur günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, “İmamzadə Ziyarətgahı” dini icmasının sədri Tahir Abbasov çıxışında şəhidlərimizin ruhuna hörmətlə yanaşmağın vacibliyini qeyd edib. O deyib ki, Vətən uğrunda canından keçən hər bir şəhid xalqımızın qürur mənbəyidir. T. Abbasov, həmçinin, İslam dininin sülh, mərhəmət və vətənə sədaqət kimi dəyərləri önə çəkdiyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədr müavini Orxan Əhmədov çıxışında diqqətə çatdırıb ki, dövlətin gücü xalqın birliyindədir. Bu qələbə milli həmrəyliyin bariz nəticəsidir. O.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər tarixi ədalətin bərpasıdır.
Şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, Gəncə şəhər Ağsaqallar Şurasının sədri Nürəddin Məmmədov, II Qarabağ müharibəsinin iştirakçısı, qazi Mahir Hüseynov və Respublika “Qarabağ Qaziləri” Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Günel Əliyeva çıxışlarında dövlətin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Natiqlər bildiriblər ki, bu qayğı dövlətimizin şəhidlərimizin xatirəsinə və qazilərimizin fədakarlığına verdiyi böyük dəyərin bariz nümunəsidir. Qeyd edək ki, tədbirdə dini konfessiyaların nümayəndələri, din xadimləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və yerli dövlət qurumlarının məsul əməkdaşları iştirak ediblər.