Lənkəranda “Zəfər Günü: Milli-dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəranda “Zəfər Günü: Milli-dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra DQİDK-nın sifarişi ilə hazırlanmış “Həmişə bizimləsiniz!” filmi nümayiş etdirilib.
DQİDK-nin Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov Zəfər Gününün əhəmiyyətindən danışıb, qələbənin milli və dini həmrəyliyin nəticəsi olduğunu qeyd edib. Q. Məmmədov vurğulayıb ki, dövlətin dini və mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasət cəmiyyətdə sabitliyin və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir.
DQİDK-nın İnklüziv inkişaf şöbəsinin aparıcı məsləhətçisi Bayram İsmayılov çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qürur və iftixar günü kimi yazılıb. Bu qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın birliyi nəticəsində əldə olunub. Bayram İsmayılov vurğulayıb ki, dövlət başçısının uzaqgörən siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edilib. Onun sözlərinə görə, bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi kimi fəxr hissi keçirir. B. İsmayılov Zəfər Gününün milli qürurun, dövlətçiliyə sədaqətin və xalq-dövlət birliyinin rəmzi olduğunu qeyd edib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sehran Alışov bildirib ki,Azərbaycanda yetişən vətənpərvər gənclik dəfələrlə Vətənin mənafeyi naminə hər cür fədakarlığa hazır olduqlarını sübut ediblər. Bu sədaqət 44 günlük müharibə ərzində hər gün öz təsdiqini tapdı.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə, Milli Qəhrəman Əskər Əliyevin atası Ələkbər Əliyev, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran şöbəsinin sədri və “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin əməkdaşı Ağamir Cavad çıxışlarında Zəfər Gününün gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildiriblər. Eyni zamanda natiqlər şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər. Natiqlər diqqətə çatdırıblar ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinə göstərilən dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Qeyd edək ki, konfransda şəhid ailələrinin üzvləri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.