Qax rayonunda “44 günlük Vətən müharibəsində milli və dini həmrəyliyin zəfəri” mövzusunda konfrans keçirilib
Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qax rayonunda “44 günlük Vətən müharibəsində milli və dini həmrəyliyin zəfəri” mövzusunda konfrans keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev bildirib ki, bu Zəfər həm ölkəmizdə, həm də beynəlxalq miqyasda respublikamızın mövqelərinin daha da güclənməsinə, regional sabitliyin təmin olunmasına və həmrəyliyin güclənməsinə səbəb oldu. Vətən müharibəsində göstərilən birlik xalqımızın iradəsini, gücünü və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Dövlət Komitəsinin İnklüziv inkişaf şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun və xalqımızın sarsılmaz birliyi qələbəmizin əsasını təşkil etdi. Vətən müharibəsi dövründə milli, dini kimliyindən asılı olmayaraq hər kəsin bir yumruq kimi birləşməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda birgə mübarizəsi Zəfərin qazanılmasının əsas amillərindən idi. Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova qeyd edib ki, Qax rayonu ölkəmizdə müxtəlif xalqların, dini konfessiyaların və etnosların birgə yaşadığı bölgələrdəndir. Vətən müharibəsində xalqımız birlik nümayiş etdirərək qələbə qazandı. YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Qax şəhər məscidinin imamı Hacı Əsgərov, şəhid atası Molla Mollayev, eləcə də Vətən müharibəsi iştirakçısı, qazi Rahib Bayramov çıxışılarında diqqətə çatdırıblar ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər gələcək nəsillər üçün mənəvi güc və qürur mənbəyi olacaq. Dövlət qurumlarının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, din xadimləri, dini icma sədrləri və gənclərin iştirak etdiyi tədbirdə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Həmişə bizimləsiz” sənədli filmi nümayiş olunub.