Qubada “Dövlət suverenliyi və Konstitusiyanın aliliyi prinsipi” mövzusunda konfrans keçirilib
Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə Quba rayonunda “Dövlət suverenliyi və Konstitusiyanın aliliyi prinsipi” mövzusunda konfrans keçirilib.
Dövlət qurumlarının əməkdaşları, şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlardan öncə “Nicat tapanlar” filmi nümayiş olunub.
Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev dövlət suverenliyinin və konstitusiyanın aliliyinin Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən biri olduğunu vurğulayıb. E. Ağasıyev konstitusiyanın dövlətin hüquqi əsaslarını müəyyən edən əsas sənəd olduğunu bildirib.
Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbə əməkdaşı Aslan Sultanov müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatların hüquqi və dünyəvi dövlət quruculuğuna şərait yaratdığını, yeni konstitusiyanın hazırlanmasına və qəbuluna imkan verdiyini qeyd edib. O, konstitusiyanın qəbulu ilə müstəqillik tariximizin mühüm hadisələrindən birinin gerçəkləşdiyini və bunun Ulu Öndərin Azərbaycan dövlətçiliyinə verdiyi böyük töhfələrdən olduğunu bildirib. Eyni zamanda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dövlət suverenliyi və ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov Respublikamızda milli-mənəvi dəyərlərin qorunması və dinlərarası dözümlülüyün gücləndirilməsi sahəsində görülən işlərdən danışıb. O, rayonda dini durumun sabit olduğunu və müxtəlif dini icmaların qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini qeyd edib.
İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev konstitusiyanın insan hüquqlarının təminatçısı olduğunu qeyd edib, cəmiyyətdə hüquq mədəniyyətinin artırılmasının hüquqi dövlətin möhkəmlənməsi üçün vacibliyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin qazısı Naib Səttarov, Qırmızı Qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Pisax İsakov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Mənsur Ağayev, Vətən müharibəsi iştirakçıları, qazilər - Taryel Ağasiyev, Ramin Yunusov və başqaları çıxışlarında konstitusiyanın bütün vətəndaşlara bərabər hüquqlar tanıdığını, bunun isə cəmiyyətdə sabitliyin əsasını təşkil etdiyini bildiriblər. Eyni zamanda Azərbaycanda dini tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər.
Konfrans iştirakçıların müzakirələri ilə yekunlaşıb.