İyunun 19-da “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda Qusarda keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Azərbaycanda ənənəvi dini mühit və ona qarşı təhdidlər” mövzusuna həsr olunan birinci panel sessiyasına Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev moderatorluq edib.
Paneldə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda formalaşmış ənənəvi dini mühitin cəmiyyətin mənəvi dayağı olduğunu qeyd edib. Dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artması, bəzi qüvvələrin dini məqsədli şəkildə siyasiləşdirməsi, terrorla əlaqələndirməsi cəhdlərindən bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov çıxışında ənənəvi İslamın mənəvi və intellektual mədəniyyət nümunəsi kimi müasir çağırışlara cavab verə biləcək potensiala malik olduğunu bildirib. O, İslamın klassik irsinin müasir kontekstdə interpretasiyasının cəmiyyətin harmonik inkişafına xidmət etdiyini qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov dini radikalizmin yalnız ideoloji deyil, həm də psixoloji və sosial amillərlə bağlı kompleks bir fenomen olduğunu vurğulayıb. Onun sözlərinə görə, dini biliklərin səthi qavranılması və sosial ədalətsizlik kimi faktorlar radikal düşüncələrin yayılmasına zəmin yaradır.
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, AMEA-nın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafanın moderatorluğu ilə “Dini radikalizmin yaranma səbəbləri və ictimai təsirləri” mövzusunda keçirilən ikinci paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov dini radikallığın əsas səbəbləri sırasında yanlış dini təfsirlər, sosial ədalətsizlik və mənəvi boşluğu qeyd edib. O, bu fəsadlarla mübarizənin əsas yolunun düzgün dini maarifləndirmə və elmi əsaslara söykənən dini düşüncə olduğunu vurğulayıb.
Elmi tədqiqat “Qafqaz tarixi mərkəzi” İctimai Birliyinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Rizvan Hüseynov isə bildirib ki, dini radikalizmin yayılmasında təkcə daxili psixoloji və sosial səbəblər deyil, eyni zamanda xarici geosiyasi maraqlar da mühüm amildir. Bu maraqlar dini kimliyi manipulyasiya vasitəsinə çevirərək, cəmiyyətləri zəiflətməyə, daxili sabitliyi pozmağa yönəlib. Diqqətə çatdırılıb ki, xüsusilə zəif dini savada malik gənclər arasında yayılmağa çalışan bu ideologiyalar, milli-mənəvi dəyərlərimizə zidd olan yad yanaşmalardır. Onlara qarşı mübarizənin əsas yolu elmi əsaslara söykənən, tariximiz və dini ənənələrimizlə uyğunlaşan maarifçilik modelidir.
Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxışında dini radikalizmin yaranma səbəbləri və onunla mübarizə yolları barədə fikirlərini bölüşüb.
Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dini maarifçilik fəaliyyətinin əsas hədəfləri barədə danışıb. Bildirib ki, dövlət-din münasibətləri haqqında insanlarda ictimai konsensusa əsaslanan aydın təsəvvürün yaradılması, milli birlik, həmrəylik ideyalarının təşviqi, o cümlədən tarix, ənənələr, mədəni və mənəvi dəyərlər üzərində milli kimliyin formalaşdırılması, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul edilən və təqdir olunan vahid prinsiplərinin müəyyən edilməsi əsas istiqamətlər sırasında yer alır. Komitə sədri vurğulayıb ki, din anlayışının bəzi dairələr tərəfindən ideoloji təhdid aləti kimi istifadə edilməsi təcrübəsi barədə cəmiyyətin məlumatlandırılması, bu cür hallara qarşı mübarizə metodlarının təqdim edilməsi, habelə ənənələr, müasir çağırışlar əsasında dövlət və dinin funksiyaları arasında sərhədləri dəqiq təyin edən ictimai münasibətlər sisteminin formalaşdırılması mühüm amillərdəndir. Qeyd olunub ki, bu funksiyaların mürəkkəb və çoxşaxəli olması bir daha təsdiq edir ki, dini maarifləndirmə dövlətin, onun ayrı-ayrı strukturlarının, yaxud ictimai təsisatların funksiyası olmaqla bərabər, eyni zamanda fərdlərin, sosial institutların vəzifəsidir. Bu mənada din xadimləri dini maarifləndirmə işində xüsusi missiyanı yerinə yetirir. Konfransın məqsədi din xadimləri ilə birlikdə bu sahədə görülə biləcək işləri birlikdə müzakirə etməkdir.
Qeyd edək ki, Komitənin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də Qusar, Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarından olan din xadimləri iştirak ediblər.