Zaqatalada “8 Noyabr Zəfər Günü – Müasir Azərbaycan Tarixinin Şanlı Səhifəsi” mövzusunda konfrans keçirilib
Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatala şəhərində “8 Noyabr Zəfər Günü – Müasir Azərbaycan Tarixinin Şanlı Səhifəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının mübarizə əzmini, birlik ruhunu və qəhrəmanlıq iradəsini təcəssüm etdirir. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılmış Qələbə Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsi, Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsi, milli birliyin və güclü dövlət iradəsinin təntənəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İnklüziv inkişaf şöbəsinin məsləhətçisi Tamerlan Əhmədli çıxışında 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdən, torpaqlarımızın işğalından və bir milyondan artıq soydaşımızın didərgin düşməsindən danışıb. O qeyd edib ki, 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyi, ordumuzun rəşadəti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində Zəfərlə nəticələnib. Zəfər Günü Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir. Həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin göstəricisidir.
Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi Turan Məhərrəmli çıxışında bildirib ki, Zəfər Günü xalqımızın azadlıq və suverenlik uğrunda mübarizəsinin rəmzidir. O qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən qayğı dövlətin əsas prioritetlərindən biridir.
YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov çıxışında 8 Noyabrın Azərbaycanın siyasi və milli tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. O vurğulayıb ki, bu Qələbə dövlət-xalq birliyinin, müasir Azərbaycan gəncliyinin vətənpərvər ruhunun və milli həmrəyliyin nəticəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılər Şurasının üzvü, Zaqatala rayon qazısı və şəhər məscidinin imamı Malik Bilalov isə çıxışında Zəfər Gününün həm də mənəvi qələbə olduğunu deyib. Bildirib ki, vətən uğrunda canını fəda edən hər bir şəhid xalqımızın imanı, mərdliyi və Vətən sevgisinin simvoludur.
Şəhid, Vətən müharibəsi qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qaziyeva və şəhid, Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir Məmmədov çıxışlarında övladlarının və bütün Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı ilə qürur duyduqlarını bildiriblər. Onlar gəncləri Vətənə sədaqətli olmağa və şəhidlərin ruhuna layiq davranmağa çağırıblar.
Vətən müharibəsi iştirakçısı, qazi Nurlan Mazanov və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Zaqatala rayon təşkilatının sədri, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov da çıxış edərək Zəfər Gününün xalqımız üçün əbədi qürur mənbəyi olduğunu, bu tarixi günün gələcək nəsillərə vətənpərvərlik dərsi kimi ötürülməsinin vacibliyini vurğulayıblar.