Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Yevangelizasiya üzrə Dikasteriyasının pro-prefekti kardinal Luis Antonio Taqle ilə görüşüb. Kardinal Bakıda inşa edilən Müqəddəs II İohann Pavel kilsəsinin tikinti sahəsi ilə tanış olub.
Komitə sədri Ramin Məmmədov ölkəmizdə dövlət-din münasibətləri modeli, dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Katolik icmasına göstərdiyi yüksək diqqət və qayğı Azərbaycanın tolerantlıq ənənələrinin təzahürüdür və bu xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. R.Məmmədov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən təşəbbüsləri və Heydər Əliyev Fondunun Roma Katolik Kilsəsi ilə əməkdaşlığının multikultural dəyərlərə həssas münasibətin nümunəsi olduğunu vurğulayıb.
Luis Antonio Taqle katolik icmasının fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib. Ölkəmizdə mövcud olan multikulturalizm mühitinin və tolerantlıq ənənələrinin təqdirəlayiq olduğunu qeyd edib. Yeni katolik kilsəsinin tikintisi katolik icmasına göstərilən xüsusi qayğının və Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq, qarşılıqlı hörmət ruhunda inkişaf edən münasibətlərin təzahürü kimi dəyərləndirilib.
20.10.25