Dövlət Komitəsinin nümayəndə heyəti İğdır valisi ilə görüşüb
Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 11-də İğdır valisi Ercan Turanla görüşüb.
Nümayəndə heyətini salamlayan vali Azərbaycan-Türkiyə arasındakı ikitərəfli münasibətlərin bütün sahələrdə ən yüksək səviyyədə inkişaf etməsinin əhəmiyyətini vurğulayaraq qarşılıqlı səfərlərin iki qardaş ölkə arasında əməkdaşlıq spektrlərinin genişlənməsinə töhfə verdiyini bildirib. Yaxın günlərdə istifadəyə verilən İğdır-Naxçıvan təbii qaz kəmərinin bütün səviyyələrdən olan əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir nümunəsi olduğunu qeyd edib.
Qonaqpərvərliyə görə təşəkkür edən Komitə sədri Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi münasibətlərin hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq bu gün daha yüksək səviyyəyə çatdığını, yeni müstəviyə keçdiyini qeyd edib.
Azərbaycandakı dini mühit barədə danışan Ramin Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərə bağlılıq, digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq vərdişləri cəmiyyətimizin həyat prinsiplərinin əsasını təşkil edir. Qeyd edib ki, bu harmoniyanın qorunması, müasir dövrün tələblərini, çağırışlarını nəzərə alaraq, ölkəmizdə dinlərarası, məzhəblərarası birliyin, vəhdətin daha da gücləndirilməsi bu gün dövlətimizin qarşısında duran vəzifələrdən biridir.
Bunlarla yanaşı, görüşdə İğdırda məskunlaşan soydaşlarımızın daim diqqət və qayğı ilə əhatə olunmaqlarına diqqət çəkilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.