Bölgələrdə “Yaşıl gələcək naminə” aksiyası keçirilib
Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Yaşıl gələcək naminə” aksiyası dekabrın 9-da Mingəçevir şəhərində, həmçinin Yevlax, Ağdaş, Bərdə, Zaqatala, Balakən və Qax rayonlarında baş tutub.
Tədbirdə adıçəkilən bölgələrin din xadimləri, dini icma üzvləri, gənclər və ictimaiyyət fəalları bir araya gələrək ətraf mühitin mühafizəsinin əhəmiyyətini bir daha nümayiş etdiriblər.
Aksiya çərçivəsində Mingəçevir şəhərində, həmçinin Yevlax, Bərdə və Ağdaş rayonlarında yerləşən 40 ibadət evində abadlıq və təmizlik işləri görülüb, 8 məscidin həyətyanı sahəsi yaşıllıqlarla zənginləşdirilib. Zaqatala, Balakən və Qax rayonlarında isə 65 məsciddə abadlaşdırma işləri aparılıb və 10 ibadət evində ağac tingləri əkilib.
Ölkəmizin bütün regionlarını əhatə edən aksiyanın məqsədi müxtəlif konfessiyalar arasında həmrəyliyin, ictimai birlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək, dini icma üzvlərinin və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.