Dövlət Komitəsində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması ilə bağlı təlim keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq, dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması mövzusuna həsr olunmuş təlim keçirilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin televiziya kanallarına müsahibələrində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb.
Təlim çərçivəsində iştirakçılara Azərbaycan ədəbi dilinin normaları, rəsmi-işgüzar üslubun xüsusiyyətləri, tez-tez rast gəlinən dil və üslub xətaları, həmçinin düzgün yazılış qaydaları və şifahi nitq vərdişlərinin formalaşdırılması ilə bağlı geniş məlumat verilib. Qeyd olunub ki, dövlət idarəçiliyində fikirlərin düzgün və səlis istifadəsi institusional nüfuzun və peşəkarlığın mühüm göstəricisidir. Bu baxımdan, Azərbaycan ədəbi dilinin qorunmasına həsr olunmuş maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra praktik nümunələr üzərində müzakirələr aparılıb və dövlət qulluqçularının sualları cavablandırılıb.