Mərkəzi Aran və Lənkəran-Astara bölgələrində “Yaşıl gələcək naminə” aksiyası keçirilib
Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Yaşıl gələcək naminə” ekoloji aksiyası dekabrın 3-də Göyçay, Ucar, Kürdəmir, Zərdab, Lənkəran, Astara və Lerik rayonlarında davam etdirilib.
Göyçay rayonu, Qarabaqqal kənd “Cümə” məscidində təşkil edilən aksiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Aksiyada müxtəlif dini konfessiyaların təmsilçiləri, gənclər və ictimaiyyət fəalları qatılaraq ətraf mühitə qayğı və ekoloji məsuliyyətin əhəmiyyətini bir daha nümayiş etdiriblər. 500-dən çox şəxsin iştirak etdiyi aksiya çərçivəsində 80-dən artıq ibadət evində təmizlik və abadlıq işləri aparılıb, 18 məscidin həyətyanı sahəsində ağac tingləri əkilib.
Qeyd edək ki, dekabrın 10-dək davam edəcək aksiyanın əsas məqsədi dini icmalar arasında ekoloji maarifləndirməni gücləndirmək və ölkədə aparılan genişmiqyaslı yaşıllaşdırma prosesinə dəstək verməkdir.